Mətin Mirzə: “Atam mənə demişdi ki, əməliyyatdan sağ çıxmasam, İlham Əliyev üçün mübarizədən çəkinmə” – MÜSAHİBƏ

Azərbaycanın Çindəki səfirliyinin sabiq müşaviri: “Böhtan və söyüş kampaniyası məni də hərdən özümdən çıxarır”

Azərbaycanın Çindəki səfirliyinin sabiq müşaviri Mətin Mirzədən çoxdandır ki, səs-soraq yoxdur. Mətin Mirzə mərhum Xalq artisti, tanınmış aktyor, eks-deputat  Mikayıl Mirzənin oğludur. 

2000-ci illərin əvvələrindən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat əlaqələndiricisi olan Mətin Mirzə 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib. Daha sonra Xarici İşlər Nazirliyinin müvafiq idarəsində fəaliyyətini davam etdirib. Ən son iş yeri isə Azərbaycanın Çindəki səfirliyində müşavir vəzifəsi olub.

Beynelxalq.İnfo xəbər verir ki, Modern.az saytının əməkdaşı diplomatı axtarıb taparaq, ondan hal-əhval tutub.


– Mətin müəllim, necəsiniz? Bildiyimizə görə, bir ildən çoxdur Çindəki diplomatik fəaliyyətinizi başa vurub, geri qayıtmısınız… 


– Mənim üçün iş görmək təkcə işə getmək anlamına gəlmir. İnsan işə getmədən də cəmiyyəti və dövləti üçün faydalı ola bilər. İnsanın işdən də əvvəl bir vətəndaşlıq borcu, məsuliyyəti var. Bu, insanın hansı mənsəb sahibi olmasından asılı olmayaraq dövləti sevmək, dövlətçiliyi qorumaq, haqqı nahaqqın ayağına verməmək məsuliyyətidir. Rəhmətlik atam Mikayıl Mirzə 2005-ci ildə Almaniyada ürək əməliyyatına girməzdən əvvəl mənə dedi: “Əməliyyatdan salamat çıxmasam, İlham Əliyevin müdafiəsi üçün mübarizədən çəkinmə”.

Əslində, mən hələ 2003-cü ildəki prezident seçkilərində cənab İlham Əliyevin seçki təbliğatına qoşularaq fəal iş apardım və dəstəklədim. “Youtub”da da o çıxışlar var. Mən o zamankı seçkidən bu günə qədər hər zaman cənab Prezidenti dəstəkləmişəm. Hətta 2013-cü il seçkiləri öncəsi “Azərbaycan oxusun” adlı dəstək videoçarxını hazırlayıb diplomatik fəaliyyətimi davam etmək üçün Çin Xalq Respublikasına yollandım. 

– Hazırda nə iş görürsünüz?

– Bir il yarımdır ki, Çin Xalq Respublikasından Vətənə qayıtmışam. Bu müddətdə kifayət qədər vaxtım olub ki, faydalı mütaliə edim, cəmiyyətdə gedən prosesləri izləyim, çoxdan görmədiyim insanlarla ünsiyyətdə olum. 

– Fikir verirsinizsə, xaricdən Azərbaycana yönəlik antitəbliğat aparılır… Və antitəbliğatı aparanlar arasında təəssüf ki, Azərbaycandan getmiş bəzi mühacirləri də görmək mümkündür. Bir diplomat kimi onlara sözünüz varmı?

– Onları şiddətlə qınayıram… Açığını desəm, bu gün Azərbaycana qarşı aparılan təbliğat, qısqanclıqlar, bəzi dairələrin böhtan və söyüş kampaniyası məni hərdən özümdən çıxarır və belə tərbiyəsizliyə dözə bilmirəm. Bu gün xaricdə oturub söz dəllallığı edən, cəmiyyətimizdə özbaşınalıq, xaos, dərəbəylik yaratmaq istəyən, insanlarımız arasında biri-birinə nifrət, kin-küdurət toxumu səpən, tərbiyəsizliyi aşılayan və cəmiyyətimizin sağlam fikirli insanlarını çaşdırmağa çalışan, öz səviyyəsinə salmağa cəhd edən şəxslər Mikayıl Mirzənin dililə desək, şər və şöhtan şagirdləridirlər. 

– Aydın məsələdir ki, problemsiz cəmiyyət yoxdur. Sizcə, problemləri hansı müstəviyə çıxarmaq lazımdır ki, həllinə nail olunsun?

– Ümumiyyətlə, mənim aləmimdə insan əgər yaşayırsa, onun problemləri də olur, uğurları da. Bu gün ümumi bəşəriyyətə nəzər salsaq, onun da qlobal problemləri var. Dünyanın özü problemsiz deyil. Bütün məsələlərin masa arxasında danışıqlar adlı bir sivil yolu var. Yaxud da kimsə nəyisə demək istəyirsə, onun da yenə təklif adlı bir yolu var. Bu dəqiqə mənim özümün də problemlərim var. Amma biz elə tərbiyə almamışıq ki, onu başqa məqsədlər üçün istifadə edək. Dövləti, dövlətçiliyi şəxsi məqsədlərə qurban vermək olmaz. Dövlətin sabitliyi, firavanlığı, onun qarantı cənab Prezident bizim üçün dəyərlidən dəyərli sayılmalıdır. 

– Mətin müəllim, ölkə başçısı İlham Əliyevin ictimaiyyətə yönəlik son addımları, fərman və sərəncamları, sadə vətəndaşlarla şəxsən təmas qurması cəmiyyətdə əhval-ruhiyyəni dəyişib. Sizin bu haqda düşüncələriniz nədir?

– Çox alqışlanası fəaliyyətdir…Mənə həyatımda cənab Prezidentlə 4 dəfə ayaqüstü görüşmək müyəssər olub və hətta bir neçə tədbirdə onu müşayiət də etmişəm. Həddən artıq səmimi, səxavətli, sadə, təssübkeş, qibtə olunası lider xarakteri bağışlayıb. Ulu öndər Heydər Əliyevin bizim ailəyə olan doğma münasibəti heç kimə sirr deyil. Heydər Əliyev xalq adamı idi. Hamı ilə maraqlanırdı. İlham Əliyev də onun oğludur. Bizim ona ehtiyacımız olduğu kimi, Prezidentin də xalqa-əsl vətəndaşa, ziyalı mövqeyinə ehtiyacı var. 

– Prezident bir neçə gün öncə tanınmış sənət adamları ilə görüşdü. Yəqin ki, mərhum atanız Mikayıl Mirzə sağ olsaydı, istisna deyil ki, o da bu görüşə dəvət alardı…

– Sözsüz… Mən dövlətimizin ucalığı, bayrağımızın yenilməzliyi naminə hörmətli söz və fikir sahiblərini, ziyalıları, sənət və ədəbiyyat, elm adamlarını, ictimai xadimləri, istər daxildə, istərsə də xaricdə Azərbaycanımıza qarşı yönələn şər-şəbədəyə, qarayaxmalara tutarlı və məntiqli cavab verməyə, hər zaman cənab Prezidentin yanında olmağa çağırıram.
Hörmətli cənab Prezident, Bir vaxtlar atalarımızın tutduqları yolu, biz hələ çox gedəcəyik…

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir