Kompüterə məhkum uşaqlıq

Müasir uşaqlar savad almaq uğrunda nələrdən vaz keçirlər?

Yazıya bu statistika ilə başlamaq istədim. CNN-də maraqlı bir hesabat dərc edilib. 2018-ci ildə 10 ölkədə 12 000 valideynlə həyata keçirilən Qlobal Uşaq və Oyun Araşdırmasına görə, uşaqların 56 faizi bir gündə orta hesabla 1 saatdan az, 19 faizi isə 30 dəqiqədən daha az açıq havada oyun oynayır. Bir saatdan daha az küçədə qalma faizi Türkiyədə 61 faiz təşkil edir.

Gündə 1 saatdan daha az açıq havada qalmaq Birləşmiş Millətlər İnsan Haqları Yüksək Komissarlıq Ofisinin məhkumların açıq havada keçirmələrini tövsiyə etdiyi minimum müddətdən daha azdır. Dəhşəti siz özünüz düşünün.

Bəli, müasir uşaqların kompüter başında, dərsdə, kurslarda, individual hazırlıqlarda, yəni dörd divar arasında, qaranlıqda keçirdiyi dəqiqələr, saatlar günün 90 faizini təşkil edir. Onlar kompüter və telefon ekranlarını gün işığından daha çox görürlər. Alış-veriş mərkəzlərində, havasız əyləncə məkanlarında keçirdikləri zaman daha böyük bir qismi əhatə edir. Bəs biz uşaqlarımızı təhsil, oxumaq adına nələrə məhkum etmişik? Onların inkişafı naminə atdığımız addımlar hansı məqamda ziyana işləyir? İşləyirmi?

Tətil günlərinin sayı çoxdur – bu, nə işə yarayır?

“Yeni Müsavat” xatırladır ki, bu mövzunu araşdırarkən uşaqların yüklənməsi hesabına keçən tədris ili ilə bağlı maraqlı məqamları da yaddan çıxarmaq olmaz.

Öncə bizim məktəblilərin tətil günləri ilə bağlı Dünyada heç bir ölkə tətil günlərinin sayı məsələsində bizimlə rəqabət edə bilməz. Amerikada tədris ili 180 gündür. Məktəblilərin yay tətili 9-11 həftə çəkir. Milad bayramında 1,5-2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur.

Danimarka, Fransa və İngiltərədə yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də (rüblük) cəmi 5 gündür. İsveçdə tədris ili iyunun ortasından avqustun ortasınadək davam edir. Milad bayramı ilə bağlı 15 günlük tətil İsveç məktəblilərinin dərs ilini iki hissəyə bölür. Yaponiyada ildə iki böyük tətil – martın sonundan aprelin əvvəlinə və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədərsə ənənəvi qış tətilidir.

Kanadada yay tətili iyul-avqustu əhatə edir. Qış tətili isə cəmi 2 həftə olur. “Marta Break” adını daşıyan yaz tətili isə martın üçüncü bazar ertəsindən başlayıb bir həftə sürür. Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər davam edən qış tətilindən başqa tətil yoxdur. Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət olunur.

Похожее изображение

Azərbaycanda isə il ərzində şagirdlərə 3 ay 15 gün yay, Yeni il və Novruz bayramlarında isə hərəsi 1 həftə olmaqla istirahət verilir. Yəni ildə 4 ay.

Bundan başqa, İngiltərədə tədris ili 38 həftə davam edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Orada tətillərin müddəti keçilən dərslərin saatları ilə də mütənasibdir. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.

Azərbaycan orta məktəbi rəqabətə uyğun deyil. Standartlara görə, orta təhsil ən azı 12 il nəzərdə tutulur. ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda orta təhsil 12 ildir. Almaniya, İsveçrə, İtaliya və Çexiyada 13, Hollandiyada 14 ildir. 12 illik təhsilə keçidin tətillərə təsiri ola bilərdi. Yəni o zaman bol tətillər tətbiq oluna bilər.

Məktəblilərin dərs yükü niyə ağırdır?

Ümumiyyətlə, tətillərlə bağlı yeni “Təhsil haqqında” Qanunda heç nə yazılmayıb. İbtidai, ümumi orta və tam orta təhsildə tətillərin nə qədər nəzərdə tutulması qanunda göstərilməyib. Yəni tətillərin müddəti və sayı qanunla tənzimlənmir. Məsələn, İngiltərədə əsas məqsəd şagirdlərin sərbəst bilik qazanması və onun təcrübədə tətbiqidir. Uşaqlar ən çox kitabxana və laboratoriyalarda məşğul olur, tez-tez yoxlama esseləri və layihələr yazır. Azərbaycan məktəbləri isə sovet dövründə olduğu kimi, mərkəzləşmiş qaydada idarə olunur. Tətil günləri və dərsin müddəti vahid mərkəzdən müəyyənləşdirilir.

Ekspertlər hesab edir ki, qəbul imtahanları, şagird biliklərini yoxlama proqramları Azərbaycan məktəblilərinin orta məktəb proqramını mənimsəyə bilmədiyini göstərir. Bu, tətil günlərinin çoxluğu, dərslərin həddən artıq ağır olması ilə bağlı ola bilər. Tətillər o prinsiplə müəyyənləşməlidir ki, uşaqlar tədris olunan fənni mənimsəsinlər. Amma indiki tədqiqatlar göstərir ki, bu sahədə qüsurlar var. Yuxarı sinif şagirdləri kütləvi şəkildə dərsdən yayınır. Azərbaycan təhsilində xaotik bir durum yaranır. Dərslərin 15 sentyabra keçirilməsi ilə əlaqədar 15 gün müddətinin harasa sığışdırılması məsələsi vardı. Dərs ilinin 15 sentyabra keçirilməsi məktəblərimizə yenilik gətirmədi. 1 sentyabr nostaljisini unutmağa gətirib çıxardı. Rasional yanaşsaq, uşaqlar daha çox evlərdə təhsil alırsa, tətillərin sayının azaldılması daha məqsədəuyğundur.

Daha bir detal yay məktəbləri ilə bağlıdır. Belə ki, Qərbdə yay məktəbləri olduğu üçün uşaqlar il boyu mənimsədikləri bilikləri həmin məktəblərdə möhkəmləndirirlər. Ölkəmizdə elə təcrübənin olmaması da uzunmüddətli tətillər zamanı uşaqlarda ətalətin yaranmasına səbəb olur. Necə deyərlər, yay vaxtı məktəblilər yüklənir, yay tətilində isə onların biliyinin təkrarlanması və bu fənni unutmaması üçün heç bir tədbir görülmür.

Картинки по запросу bilgisayar çocukları

Psixoloq həyəcan təbili çalır: “Uşaqlarda yaranan psixoloji yüklənməni aradan qaldırmaq çətindir”

Psixoloq Təranə Mehdiyeva hesab edir ki, müasir valideynlər dəb xatirinə, bəhs-bəhsə girib, individual məşğələlərlə, kurslarla uşaqlarını yorurlar: “Uşaq beyninin informasiyanı qəbul etmə potensialı var. Ondan artıq yüklənmə sağlamlığa, qavrama qabiliyyətinə mənfi təsir edir. Gündə ən azı 20 test edən, üstəgəl məktəb yükü, yol gərginliyi ilə yüklənən məktəblidən uğurlu nəticə gözləmək olmaz. Əksinə, uşaq çox tez bir zamanda məktəbdən də, təhsildən də, dəftər-kitabdan bezə bilər”.

Müsahibimizin fikrincə, məktəb illərindəki uşaqlar keçid dövrünü yaşadıqları üçün bu məqama xüsusi önəm vermək lazımdır. Belə ki, həmin dönəmdə olanlar onsuz da qarışıq duyğular, emosiyalar içində olurlar. Bu məqamda valideynlər onlarla daha çox vaxt keçirməli, məktəbdəki, öz dost çevrəsindəki problemlərlə maraqlanmalıdır: “Amma bu halda uşaq bütün gününü məşğələlərdə, belə demək mümkünsə, ”yad adamların” yanında, yolda keçirir. Onlar da uşağa ancaq nəyisə öyrədir, bəzən danlayır, uğurlu nəticə tələb edirlər. Bu halda uşaqlarda ciddi psixoloji yüklənmə baş verir. Onlar özlərini az qala “yarış atı” kimi hiss edirlər – daim uğurlu nəticə əldə etmək, valideynlərinin tərifini eşitmək yarışı. Məktəbli uşaqlar bəzən çox kiçik bir problemi faciə kimi qarşılayırlar. Amma bu məqamda valideyni onun yaşadığı o problemdən daha çox dərsi maraqlandırır. Müasir valideynlərdə elə təsəvvür var ki, əgər uşaq yaxşı dərs oxumursa, uğur qazana bilmirsə, onun gələcəyi məhv olacaq. Halbuki ciddi mənəvi problemi olan, məktəbdə həmyaşıdları ilə ünsiyyət problemi yaşayan uşaqlar gələcəkdə ən pis vərdişlərin daşıyıcısı olurlar. Odur ki, bizim valideynlərə hər zaman bir tövsiyəmiz olur – uşaqlarınıza kompüter, yarış maşını kimi yanaşmayın. Onları yükləməyin, çox tələbkar olmayın. Nəzarəti əldən qoymayın, amma “qamçı”nı əldən qoyun”.

Картинки по запросу bilgisayar çocukları

Məktəbli gün ərzində kompüterdən nə qədər istifadə etməlidir?

Və müasir azərbaycanlı şagirdin vazkeçilməzi, amma ən qatı düşməni olan kompüter… Normativlərə görə, birinci siniflər kompüterlə 10 dəqiqə, II-V siniflər 15, VI-VII siniflər 20, VIII-IX siniflər 25, X-XI siniflər birinci dəfə 30, müəyyən fasilədən sonra 20 dəqiqə məşğul ola bilərlər. I kursda oxuyanlar bir saat, yuxarı kurs tələbələri 2 saat 15-20 dəqiqəlik fasilələrlə kompüterdən istifadə edə bilərlər. Halbuki indi müasir şagirdlərin kompüter qarşısında keçirdiyi vaxtla normativ arasında ikiqat fərq var.

Dünyanın ən inkişaf etmiş ölkələrində ibtidai sinif uşaqlarına ev tapşırıqları verilmir. Kitablar çox vaxt sinifdə qalır. Kurikulumun tələblərinə görə, keçilən mövzu elə dərs prosesində öyrədilir.

Dünyanın əksər ölkələrində birinci növbədə gənclərin sosial müdafiəsi üçün 12 və ya 13 illik orta təhsil sistemi həyata keçirilir. Məsələn, Böyük Britaniyada təhsil müddəti 10-13 il, Fransa, İspaniya, Polşa, Yaponiya, Litva, Latviya, Estoniya və Moldovada 12 il, İtaliya, İsveçrə, Almaniyada 13 ildir. Ölkələrin yalnız 25 faizində orta təhsil 10-11 illikdir ki, Azərbaycan da bu qrupa daxildir. Tədris illəri artırılsa, mütənasib olaraq hər ilə düşən yük, hər günə düşən saatlar da azalar. Saat az olduqda, təbii ki, çantaya yığılan dərsliklər, iş dəftərləri, dərs vəsaitləri və ləvazimatlar da ixtisara düşər.

Araşdırmalar gün ərzində 2 saatdan çox televizor izləyən 18-24 aylıq uşaqların yarısında, 2 saatdan az izləyənlərin isə yüzdə 31-də dil inkişafında gecikmə olduğunu ortaya çıxarıb.

Картинки по запросу bilgisayar çocukları

Müntəzəm olaraq izlənən və yaşları 18 ilə 24 ay arasında dəyişən 200 yeniyetmə incələnib. Araşdırmada onların 21%-nin 6 aydan öncə televizor izləməyə başladığı müəyyənləşib. Gündə 2 saatdan çox televizor seyr edən uşaqların 50, iki saatdan az izləyənlərin 31%-nin dil açmasında gecikmə, eyni zamanda sosial və şəxsi inkişaflarında da gecikmə görülüb. Bu uşaqların bütün bacarıqlarını bir az daha gec qazandıqları da ortaya çıxıb.

İnternetdən çox istifadə etdikdə bu, ilk növbədə, uşaqlarda kompüter asılılığı yaradır. Bu asılılıq da  xəstəliyə çevrilir ki, bunu da narkomaniya, alkoqolizm və digər asılılıqla eyniləşdirmək olar. Belə asılılıq uşaqların səhhətinə ciddi surətdə zərər vurur. Belə ki, ilk növbədə, görmə qabiliyyətini aşağı salır, onurğa sütununun düzgün inkişafına mane olur, tənəffüs sistemində problemlər yaradır, baş ağrıları əmələ gətirir, yuxu pozulmasına, yorğunluğa və narahatlığına səbəb olur. Həmçinin uşaqların kompüterin və televiziyanın qarşısında çox vaxt keçirmələri onları dərsdən yayındırmaqla yanaşı dərs hazırlamalarını arxa plana keçirir. Həssas uşaqlarda döyüş və ölüm səhnələri ilə bol olan emosional kompüter oyunlarından və televiziyada nümayiş etdirilən filmlərdən sonra əsəbilik, aqressivlik, qəddarlıq və zorakılıq hissləri üstünlük təşkil edir. Həmin hisslərlə yanaşı onlarda qorxu hissi əmələ gətirir.

İndiki uşaqlar qocalanda… bunlar baş verəcək

İnkişaf etmiş ölkələrin sakinlərinin ömür müddəti 1930-cu ildən artıb. Ancaq mütəxəssislər müasir uşaqların sağlamlığını “gec işə düşən bomba” adlandırırlar. Bu uşaqlar 65 yaşına çatanda onların sağlamlığında hazırda 65 yaşı olanlara nisbətən daha çox problem olacaq. Tədqiqatçılar Almaniya, CAR, Hindistan, Braziliya və Səudiyyə Ərəbistanından olan 101 müəllim arasında sorğu aparıblar.

Müəllimlərin 58 faizinin fikrincə, müasir uşaqların sağlamlıq durumu qocalanda bu günün yaşlı insanlarına nisbətən daha pis olacaq. Müəllimlər oturaq həyat tərzini, artıq çəkini və gigiyena qaydalarına riayət olunmamasını uşaqların sağlamlığına mənfi təsir göstərən əsas amillər adlandırıblar.

Məlum olduğu kimi, dünyanın çox ölkələrində uşaqlar arasında piylənmə geniş yayılıb. London Kral Kollecinin bu yaxınlarda apardığı tədqiqat göstərib ki, piylənmədən əziyyət çəkən uşaqlarda 2-ci tip diabetin inkişaf riski 4 dəfə artıqdır. Ekspertlər həyəcan təbili çalaraq bildirirlər ki, uşaqlar arasında piylənməyə qarşı mübarizəyə dair təcili tədbirlər görülməlidir.

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir