“Ölkəmizdə iqtisadi inkişaf mədəni inkişafı üstələyir”

Şirməmməd Hüseynovdan heykəl mövzusunda ilginc açıqlamalar; “Gəlin prezidentə kömək edək!”

“Onların tarixi xidmətlərini yazaq, millətə öyrədək, o ruhda bu milləti tərbiyə edək və müasirləşdirək, ən yaxşı heykəl budur!”

Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşdə əməkdar artist Bəhram Bağırzadənin Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə abidə qoyulması barədə irəli sürdüyü təşəbbüs dövlət başçısı ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Son məlumata görə, abidənin qoyulması üçün konkret məkanlar nəzərdən keçirilir.

Variantlardan biri kimi milyonçunun vaxtilə yaşadığı evin yaxınlığındakı park da müzakirə mövzusudur. Amma bir çoxları Kukla Teatrının qarşısındakı həmin ünvanın bir zamanlar Məhəmməd Əmin Rəsulzadənin abidəsi üçün ayrıldığını xatırladaraq buna etiraz edirlər. Oradakı daş lövhə isə sonradan qeyri-müəyyən səbəblərdən götürüldü və yerində fəvvarə quraşdırıldı.

Beynelxalq.İnfo xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin vəfatının növbəti ildönümündə bu mövzu ilə bağlı ağsaqqal jurnalistimiz, professor Şirməmməd Hüseynovla Musavat.com əməkdaşı söhbət edib:

– Şirməmməd müəllim, vaxtilə Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması üçün ayrılan yerdə Hacı Zeynalabdin Tağıyevə abidə qoyulması təşəbbüsünə necə baxırsınız?

– Mən ümumiyyətlə, heykəl qoymağın əleyhinəyəm, kim olur-olsun. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, heykəlpərəstlik bəşəriyyətin keçdiyi bütpərəstlik dövründən qalan şeydir. Bütpərəstlikdən sonra bəşəriyyət çox inkişaf edib, müxtəlif mərhələləri keçib. İndi təzədən bütpərəstliyi bərpa etmək, adamların sementdən, mərmərdən heykəli qoyub, cansız şeylərə səcdə eləmək bütpərəstlikdir. Bildin, qardaş? Bu, bizdə sovet dövründən qalma dəbdir. Leninə, Stalinə, Orcanikidzeyə, Şaumyana, Nərimanova, Əzizbəyova, Məmmədyarova heykəl… Nə qədər heykəl olar? İndi gəlin dünyaya baxaq. Amerika – dünyanın ən inkişaf etmiş demokratik ölkəsidir. Gedin, görün şəhərlərdə, meydanlarda heykəl var? Heykəl yoxdur axı. Balaca bir şəhəri heykəllərlə bəzəməyə nə ehtiyac var e. Soruşuram səndən…

– Şirməmməd müəllim, ümumiləşdirəndə haqlısınız, amma bir məsələ var. Hacı Zeynalabdin Tağıyevə də bir heykəl qoyulsa, nə olar ki?

– A kişi, mən ayrı şey danışıram, sən ayrı şey. Qulaq as, bilirsən nə təhərdir? Dünyada 230-a yaxın müstəqil dövlət var. Avropada 30-dan çox dövlət var. Ay qardaş, gedin, baxın, görün o dövlətləri yaradanların heykəli varmı? Fransa, İtaliya, ya Almaniya dövlətini yaradanın heykəli var? Bütövlükdə bu heykəl xəstəliyindən qurtarmaq lazımdır. Bütün diqqəti vermək lazımdır Nərimanova, yaxud Hacı Zeynalabdinə qoyulan heykələ ayrılan pulu ehtiyacı olanlara…

Təsəvvür elə, bu gün xaricdə bizim nə qədər azərbaycanlılar oxuyur. Heç gör onların məsələsini müzakirə edən, onları yada salan var? Bax, mənim nəvələrimin biri Yaponiya universitetində müdafiə elədi, indi də Amerikadadır. Onları dəvət ediblər, orda işləyirlər. Onlarla maraqlanan var? Soruşuram səndən? Mənim nəvəm diş həkimidir, İzmir Universitetində magistr oldu, doktorluğu müdafiə elədi, indi ağız, diş, çənə cərrahiyyəsi üzrə iki aylıq Şanxaydakı məktəbə gedib. İndi onun nə getməyi, nə gəlməyi ilə bir dənə maraqlanan varmı? Bu millətə kadr hazırlamaq lazımdır, yoxsa heykəllə məşğul olmaq lazımdır?! Elm, mədəniyyət sahəsində o qədər görüləsi işlər var ki… Prezident sağ olsun, mədəniyyət xadimlərini yığıb. Amma söhbət nədən gedir? Köhnə qayda ilə yeni nəsli tərbiyə eləmək mümkün deyil. “Dalay-dalay”la millət tərbiyə eləməzlər, a kişi! İndi bu mədəniyyəti biz müasir mədəniyyət səviyyəsinə yüksəltməliyik, budur prezidentin amalı! Ona görə onları yığmışdı. Qardaş, müasirləşək! Məhəmməd Əmin Rəsulzadə 1915-ci ildə “Açıq söz” qəzetini çıxaranda nahaq yerə “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” yazmamışdı. Bir ildən sonra oktyabrın 2-də qəzetin 1 yaşı münasibətilə yazdı ki, ardıcıllıq belə olmalıdır: “Müasirləşmək, Türkləşmək, İslamlaşmaq”. Cümhuriyyət dövründən sonra məqalə yazdı ki, elə bilirlər biz islamlaşmaqla panislamizmi, yaxud türkləşməklə pantürkizmi təbliğ edirik. Məsələni belə qoydu: “Milliyyət, beynəlmiləliyyət, müasirlik”. İndi biri deyir Zeynalabdinə heykəl qoyaq, başqası deyəcək dədəm şairdir, ona heykəl qoyaq. Bu heykəldən əl çəkin də. Allahın qayda-qanunu var, torpağa verildi, qurtardı da. Təzədən sən bunu sementlə diriltməyəcəksən ki. Bütpərəstliyə qayıdırıq?

– Deməli, siz bununla Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoyulması barədə də söhbətlərə də son qoyulmasını istəyirsiniz?

– Bəs, necə? Hamıya! Mən bir adama yox, hamıya şamil edirəm. Heç kəsin heykəlləşdirmək ehtiyacı yoxdur! Üzeyir bəyin üç məşhur formulu var e: “Bu Vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir”. Gəlin biz bu Vətəni, bu milləti, bu dövləti müasirləşdirək, onun qayğısına qalaq! Bax, sağ olsun, yollar düzəlir, zavodlar tikilir, inkişaf var. Bilirsən, bizim məmləkətimizdə iqtisadi inkişafı mədəni yüksəlişi üstələyir. Amma bunlar paralel inkişaf etməlidir axı.

– Şirməmməd müəllim, reallıq budur ki, artıq Hacı Zeynalabdin Tağıyevə abidə qoyulması ilə bağlı aktyor Bəhram Bağırzadənin təklifi bəyənilib və dövlət rəhbərliyinin bununla bağlı qərarı var. Sadəcə məkan müzakirəsi gedir. Sizin yerlə bağlı təklifiniz varmı?

– A kişi, bilirsən nə var? Belə şeylərlə hörmət qazanmaq istəyənlər var. Həmin adamdan soruşsan ki… Hacı Zeynalabdin Tağıyev savadsız olub axı. İkincisi, Hacı Zeynalabdini Hacı Zeynalabdin eləyənlər var. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, digər Cümhuriyyəti yaradanlar. Ondan əvvəl Həsən bəy Zərdabi. Zərdabi dördüncü mərtəbədə yaşayırdı, Zeynalabdin üçüncü mərtəbədə. Milli ruhu aşılayanlar milli ziyalılar idi. Onun müəllimlərini qoyursan qırağa, Zeynalabdin Tağıyevi vətənpərvər edənlərdən danışmırsan, o kişini eləmisən filosof. Hardan o ideyanı götürüb? Soruşuram səndən. Əgər savadsızdırsa, kitab oxumayıbsa, dünyanı bilməyibsə… Kim o ideyanı ona aşılayıb? Hanı elə bir əsər? Zeynalabdini Zeynalabdin eləyən kimlər olub, a kişi? Zərdabilər olub! Bildin?

– Bildim.

– Sonra da Əli bəy Hüseynzadəyə “Həyat” qəzetini öz mətbəəsində çıxartmağa imkan verdi. “Fyuzat” jurnalını çıxartmaq üçün maliyyə imkanı ayırdı. Gördü ki, onlar müasir adamlardır və bu müasirlik onun ruhuna uyğun idi. Bax, mən “525-ci qəzet”-in növbəti sayı üçün yazı hazırlayıram. 1927-ci ilin martında Məhəmməd Əmin Rəsulzadənin atası Axund Hacı Ələkbər vəfat edib. O münasibətlə “Yeni Qafqasya” jurnalında onunla bağlı nekroloq veriblər. Bu ziyalı dəstəsinin hamısını yetişdirən mühit, kişilər, onların arxasında duranlar olub. Bu millətə heykəl qoymaq yox e… Bu millətə heykəl onu müasirləşdirmək, ona yaxşı yaşayış vermək, bu milləti savadlı etmək, milli ruhda tərbiyə etməkdir. Gəlin bütün diqqətimizi verək ki, məktəblərimiz, adamlarımız, elmimiz, mədəniyyətimiz müasirləşsin! Görülən işlər çoxdur, amma görüləsi işlər də çoxdur! Diqqəti buna vermək lazımdır, heykəllərə yox!

– Professor, xalqımıza xidmətlərinin qarşılığında Tağıyevə bir dənə abidə qoyulsa, nə olar ki?

– Onda birisi də deyəcək ki, Cümhuriyyəti yaradanlar Zeynalabdindən əskik kişilərdir?

– Təbii ki, Məhəmməd Əmin Rəsulzadəyə, Cümhuriyyət qurucularına da abidə qoyulsun. Nəyi pisdir ki?

– Sən niyə heykəl tərəfsən? Mən ayrı şey deyirəm, sən ayrı. Bu məsələyə nöqtə qoymaq lazımdır, vəssalam!

– Dövlət başçısı qərarını verib, deməli, geri qayıdış yoxdur…

– Dövlət başçısı yığıb bir məsələ qoyur, amma aşağıdakılar filankəsə heykəl, filankəsə muzey, filankəsə filan şey… Filan bəstəkarın 90 yaşı var, ona prezident təqaüdü verək. A kişi, bunların millət, müasirləşmək məsələsi ilə bağlı fikirləri yoxdur. Belə çıxır ki, bizim müasir düşüncə tərzimiz zəifdir. İqtisadi məsələyə, dövlətin nüfuzu məsələsinə prezident baxır. İqtisadi cəhətdən yüksəlməyən millət mədəni cəhətdən də yüksələ bilməz! İndi bu böyük işi, fundamenti yaradır prezident. İndi gəlin, biz müasir mədəniləşmək əvəzinə, heykəltəraşlıqla məşğul olaq. Hərəmiz bir heykəl zavodu açaq da.

– Şirməmməd müəllim, prezidentin belə görüşlərinin davamlı şəkildə keçiriləcəyi bildirilir. Belə bir görüşdə iştirak etsəniz, yəqin ki, bu fikirləri şəxsən deyərdiniz, eləmi?

– Niyə demirəm ki? Deyərəm. Çünki prezident müasir prezidentdir. Mən deyirəm ki, iqtisadi fundamenti prezident yaradır. Amma hamısını o yarada bilməz, gəlin prezidentə kömək edək! Bu Vətəni, bu milləti, bu dövləti müasirləşdirək!

– Siz 95 yaşınızda da Rəsulzadə, Cümhuriyyətlə bağlı araşdırmalarınızı davam etdirirsiniz. Nəhayət, Rəzulzadə ilə bağlı abidə gözləntisində olanlara sözünüz nədir?

– Bilirsən, zaman ayrı zamandır, dövran ayrı dövrandır! Dünya hara gedir, gərək onu anlayasan. Baxasan ki, bu amerikanlar nə ilə məşğuldurlar. İndi sən təsəvvür elə, amerikanlar Aya böyük nümayəndə heyəti göndərməyə hazırlaşırlar ki, orada yaşamağı öyrənsinlər. Çin hazırlaşır Marsa adam göndərsin. Baxın, görün onlar nə ilə məşğuldur. Demirəm ki, siz də Marsa adam göndərin. Amma o, elm sahəsidir, texnikadır. O elmi yaratmaq lazımdır.  

– Belə anladım ki, ürəyiniz doludur və sizin prezidentə demək istədiyiniz kifayət qədər sözləriniz var.

– Mən 95 illik ömrümün 75 ilini fəal həyat keçirmişəm, görmüşəm nə var, nə yox. İkincisi, siyasi icmalçı olmuşam, belə hadisələrdən az-çox başım çıxır. Mənim “525-ci qəzet”də Nərimanov barədə yazım çıxıb. Oxuyan yoxdur e…(Ardınca çox maraqlı faktlarla zəngin olan məqalənin özətini bölüşür-E.P.) Mənim sözüm budur ki, qardaş, gəlin heykəlpərəstliklə, bütpərəstliklə məşğul olmayaq! Hamıya hörmət edək, onların tarixi xidmətlərini yazaq, millətə öyrədək, o ruhda bu milləti tərbiyə edək və müasirləşdirək, ən yaxşı heykəl budur! Hacı Zeynalabdin Tağıyev barədə yazı yazmışdım. “Azərbaycan” qəzeti də çap elədi, “525-ci qəzet” də. Oxuyan oldu? İndi bu heykəl deyənlər Məhəmməd Əmin Rəsulzadənin Hacı Zeynalabdin Tağıyevlə bağlı məqaləsini oxuyublar? Əl çəkin bu heykəlpərəstlikdən! Kimi dindirirsən, deyir heykəl. Bizdə zəif olan siyasi mədəniyyətdir. Finlandiyanın əhalisi Azərbaycan əhalisindən üç dəfə kiçikdir. Amma orda qəzetlərin tirajı 100-150 mindir. Amma bizdə qəzetlərin tirajı ən çoxu 5-6, ya 9 mindir. Bu, siyasi mədəniyyətin aşağı səviyyədə olmalıdır. Siyasi mədəniyyət ölkəni qanunla idarə etmək mədəniyyətidir. Qəzetlərin tirajı bu qədər aşağıdırsa…

Təsəvvür elə, Ceyhun Hacıbəyli Avropadan “Həqiqət” qəzetinə məktublar yazırdı. Nəyə diqqət etsə, yaxşıdır? Deyirdi burada hamı qəzet oxuyur. Faytonçu müştərisini gözləyəndə qəzet oxuyur. Çünki maraqlanır ki, ölkə necə idarə olunur, hansı proseslər gedir, kim nə ilə məşğuldur? Daha çox siyasi mədəniyyətdən söhbət gedir. Oxumaq mədəniyyətindən, musiqi mədəniyyətindən yox, maşallah o qədər artistlərimiz var ki… Siyasi mədəniyyəti kimlər inkişaf etdirir: siyasi partiyalar. Amma siyasi partiyaların geniş mənada fəaliyyəti, nüfuzu istənilən səviyyədədirmi? Qətiyyən yox.

– Mən getdikcə daha çox əmin oluram ki, indiki məqamda sizin prezidentlə görüşünüzə çox böyük ehtiyac var…

– Prezidentin o qədər işi var ki. Mən yuxarıda dedim e, iqtisadi yüksəliş mədəni yüksəlişi üstələyir. O, fundamentlə məşğuldur.

– Amma ölkə başçısı səslənən ideyalara çox həssasdır. Hətta son görüşdə unudulmuş xalq artisti Rasim Balayevə şəxsən zəng etməsi də dediklərimi təsdiqləyir.

– Hər şeyi prezidentdən tələb etmək düzgün deyil. Hərə öz tərəfindən iş görməlidir.

Share

loading...

Author: News Department

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir