Paşinyanın Qarabağ üçün yeni formatı: 2+2

Paşinyan Azərbaycan prezidenti ilə görüşdən imtina etməyəcək, ancaq hər dəfəsində “separatçıların təmsilçisi də danışıqlarda iştirak etməlidir, çünki mən onların yerinə qərar verə bilmərəm” yanaşmasını ortaya qoyacaq. Bu isə istənilən danışığın və görüşün bəri başdan nəticəsiz qalacağına işarədir.

Beynelxalq.İnfo xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın “təhlükəsizlik şuraları”nın Xankəndidə iclasındakı çıxışına münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Paşinyan sələflərini təkrarlayır:

“Yəni o, açıqlanan prinsiplərin əleyhinə deyil, ancaq “həll planındakı ardıcıllıq müzakirə olunmalıdır” deyir. Başqa sözlə, Paşinyan eks-prezidentlər Köçəryan və Sərkisyanın dediyini təkrarlayır: “Mərhələli həll planında xalqların özmüqədərratını müəyyənləşdirən referendum tarixi dəqiq göstərilsin, digər addımları ata bilərik (oxu: Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldarıq)”.

Politoloq deyib ki, Paşinyan çıxışında maraqlı fikir səsləndirib:

“Paşinyan “mən Azərbaycan prezidenti ilə yanaşı Azərbaycan xalqı ilə də dialoqa hazıram. Çünki əminəm ki, ermənilər kimi azərbaycanlılar da sülhpərvərdirlər”, – deyib. Bu, ikibaşlı ifadədir. Azərbaycan xalqını prezident təmsil edir. Bir ölkənin prezidenti başqa bir ölkənin xalqı ilə dialoq aparmır, xalqın təmsilçisi ilə müzakirələr aparır. Böyük ehtimalla Paşinyan bu qeyri-müəyyən cümləsi ilə gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı icmasının da hansısa formada danışıqlarda iştirakını istisna etmir. Ancaq Paşinyan bunu o halda mümkün sayır ki, separatçıların təmsilçisi də danışıqlarda iştirak etsin. Yəni Paşinyan yeni model təklif edir: “Separatçılar danışıqlarda iştirak etsinlər, daha sonra bu prosesə Dağlıq Qarabağ azərbaycanlıları da qatıla bilər”. Belə bir format alınır: 2+2. Ancaq 2+2 yenə də 1+1 edir. Çünki Paşinyan Dağlıq Qarabağın erməni icmasını, İlham Əliyev isə Azərbaycanın simasında Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edir”.

Politoloq vurğulayıb ki, bütün hallarda Paşinyanın münaqişənin həlli ilə deyil, danışıqlar formatının dəyişməsi ilə məşğul olması vaxtın – status-kvonun uzanmasından başqa bir şey deyil:

“Paşinyan “separatçılar da danışıqlara qatılsın” fikri ilə manipulyasiya edir, iqtisadi və sosial sahədə verdiyi vədlərini yerinə yetirə bilməyəcəyinə və ilin ortalarında ciddi problemlərlə üzləşəcəyinə görə Qarabağ danışıqlarını arxa plana keçirmək məcburiyyətindədir”.

Qeyd edək ki, ilk dəfə olaraq Ermənistan Təhlükəsizlik Şurasının iclası bu gün Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərində keçirilib./axar.az

Share

loading...

Author: News Department

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir