Bu xəstəliyə qarşı mübarizə üçün… – Millət vəkili

Bu gün MM-in Səhiyyə Komitəsinin iclasında vərəm xəstəliyi ilə bağlı dinləmələr keçirilib.

Beynelxalq.Info xəbər verir ki, keçirilən dinləmələrdə çıxış edən millət vəkili Qənirə Paşayeva vərəm xəstələrinin məcburi dövlət hesabına müalicəyə cəlb edilməsi, əhalinin vərəmlə bağlı maarifləndirməsi və vərəmli xəstələrin davamlı tibbi nəzarətdə saxlanılması ilə bağlı işlərin sürətləndirilməli olduğunu deyib.

Millət vəkili bildirib ki, telekanallarda vaxtaşırı vərəmlə bağlı maarifləndirici verilişlər olmalıdır:

“Vərəm xəstəliyinə qarşı mübarizə ilə bağlı ən effektli tədbirlərdən biri maarifləndirmə, təbliğatdır. Bu məsələdə ciddi maarifləndirməyə, təbliğat, izahat işlərinə ehtiyac var”.

Millət vəkili qeyd edib ki, xüsusilə, mediada, telekanallarda bu yöndə maarifləndirici yazılar, verilişlər, proqramlar getməlidir:

“Telekanallar bu məsələdə xüsusi həssaslıq göstərməlidirlər. Mən telekanallarda bu yöndə proqramlara demək olar ki, rast gəlmirəm. Burada həmçinin, qeyri-hökumət təşkilatlarının (QHT) üzərinə çox böyük missiya düşür. Onlar da bu məsələdə ciddi fəallıq nümayiş etdirməli, maarifləndirmə işini gücləndirməlidirlər. Müvafiq qurumlar, bölgələrdə icra qurumları QHT-lərə bu istiqamətdə fəal iş aparması üçün ciddi dəstək olmalıdır. Çünki QHT-lər bu maarifləndirmə işinə böyük dəstək ola bilərlər. Eyni zamanda, qeyd edim ki, vərəm xəstəliyinin daşıyıcısı olan bir çox ailədə ciddi bilgisizlik, məlumatsızlıq var. Bir çox ailədə artıq bu xəstəlik böyük bir bəlaya çevrilib, yəni, bütün ailə üzvləri məlumtasızlıq, maarifləndirmə olmadığı üçün bu xəstəliyin daşıyıcısına çevrilib. Mən özüm təmsilçisi olduğum bölgədə bununla rastlamış, qarşılaşmışam.

Ailənin bütün üzvləri bir otaqda vərəm xəstəsi ilə çox yaxın təmasda olur, onun əşyaları ilə, ümumiyyətlə, evdə belə xəstə varsa, necə hərəkət etməli olduqlarını bilmirlər və bu da ailənin digər üzvlərinin də vərəmə yoluxmasında ciddi faktordur. Ona görə də vərəm xəstəsi olan ailələrin bu istiqamətdə maarifləndirilməsinin genişləndirilməsi də çox vacibdir. Eyni zamanda vərəm xəstələri arasında dərmanlara müqavimətin getdikcə daha da gücləndiyini nəzərə alaraq, onların davamlı olaraq yeni və effektiv dərmanlardan dövlətin dəstəyilə istifadə edə bilməsi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Eyni zamanda vərəm xəstəliyinin genişlənməsi və ağırlaşmasında sosial faktorları da ciddi nəzərə almalıyıq və bu cür xəstələrə və onların ailələrinə sosial dəstəyi artırmalıyıq. Nəzərə alsaq ki, bu cür xəstələrin xəstəliklə mübarizədə dərmanlarla bərabər, yaxşı qidalanması da əsas faktorlardandır, vərəm xəstələrinin ailələrinə sosial dəstəyin daha da artırılmasının vacibliyinin hamımız fərqində olmalıyıq”.

Millət vəkili vurğulayıb ki, ölkəmizdə vərəmlə mübarizə istiqamətində ciddi işlər görülür:

“Əgər bu işləri daha da sürətləndirsək, erkən diaqnoz və erkən müalicənin başlanması prosesini sosial dəstəklə genişləndirsək, vərəm xəstələrində ağırlaşma hallarını ciddi şəkildə azalda bilərik. İnanıram ki, dövlət qurumları, MM-in və QHT-lərin birgə iştirakıyla keçirilən müzakirələrdə bu istiqamətdə sürülən təkliflər öz müsbət töhfəsini verəcək”./axar.az

Share

loading...

Author: News Department

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir