Cırıq ayaqqabı, düşən şalvar… və dünyanın bütün erməniləri

Son günlər Hafiz Hacıyevin diskussiya zamanı köhnə ayaqqabısını çıxartması ölkə mediasında ən çox müzakirə olunan mövzulardan biri oldu. Bir vaxtlar keçmiş SSRİ-nin rəhbərlərindən biri olan N.Xruşovun BMT-də çıxış zamanı ayaqqabısını çıxardıb tribunada döyəcləməsi də  hay-küy salmışdı. Görüşlərin birində ABŞ  prezidenti Buşa atılan ayyaqqabı da bir vaxtlar mediada geniş işıqlandırılmşdı…

Ayaqqabı strateji məsələdir. “Başmaq diplomatiyası”ndan müxtəlif məqsədlər üçün  həmişə istifadə olunub. Elə mən özüm də “Qulp” proqramında bir vaxtlar bu məsələyə toxunmuşdum. Yəqin xatırlayırsınız… Bir nəfər reportyor hava limanında qoça bir qadından  kimi gözlədiyini soruşur. Qadın da cavab verirki, ATƏT-in həmsədrlərini gözləyirəm. Reportyor səbəbini soruşanda, qadın əlindəki təzə ayaqqabıları göstərib deyir ki, onlar o qədər gəlib-gediblər ki, ayaqqabıları köhnəlib, təzə ayaqqabıları onlara hədiyyə eləmək istəyirəm.

Картинки по запросу hafiz Hacıyev ayaqqabı

…Hafiz Hacıyev ayaqqabısını çıxardandan sonra deyib ki, lazım gəlsə şalvarımı da çıxardaram. Hafiz müəllimin bu hərəkətlərini  tənqid və ya tərif etmək fikrindən uzağam. Çünki mən  siyasətdən uzaq adamam…

 …”Oyuncaq “adlı məşhur fransız filmində bir epizod var. Redaksiyanın rəhbəri öz əməkdaşına soyunmaq əmri verir. O da dinməz-söyləməz şalvarını çıxardır. Göstəriş verən üzünü həmin adama tutub deyir ki, kim daha çox günahkardır, soyunmağını istəyən mən, yoxsa şalvarını çıxarmağa hazır olan sən?…

Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın ünvanına söyüş və təhqir yağdıran soydaşlarımızın çıxışlarını görəndə filmdəki bu epizod yadıma düşür… Onlara bu sifarişi verənlər daha çox günahkardı,yoxsa onlar özləri? Cavab aydındır… Bizim hamımızın Azərbaycan adlı bir dövləti var… Harda və hansı şəraitdə olmağına baxmayaraq hamı onu qorumalıdır. Sonda bu torpağa qarışmağa haqqı olsun deyə!

Yadıma bir əhvalat düşdü. Azərbaycanla qonşu olan bir ölkədə təşkil olunmuş qeyri-rəsmi yığıncaqda dünyada gedən proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr müzakirə olunurdu. Mən dövlətimizə qarşı söylənən ittihamlara qarşı qəti etirazımı bildirirdim. Məclis iştirakçıları mənim münasibətimi təccüblə qarşıladılar. Bəlkə də məndən bunu gözləmirdilər. Səfəri başa vurub maşınla geri qayıdırdıq. Sərhədi keçəndən sonra avtomobilin maqintafonunda xeyli əlləşsəm də yerli radioları tutmağa çətinlik çəkirdim, çünki qonşu ölkələrin radioötürücüləri buna imkan vermirdi. Üzümü mənimlə səfərdən qayıdan adama tutub Bakıya qayıdan kimi bu  problemin həll olunmasına çalışacağımı dedim. Yol yoldaşım təəccüblə mənə baxıb, sərhəddən o tərəfdə Azərbaycanı təbliğ edirdin, amma indi tənqid edirsən, dedi. Mən Azərbaycan sərhədindən o tərəfə Azərbaycanın təmsilçisi, bu tərəfdə isə bir vətəndaş kimi tənqidçiyəm, dedim. Mən bir vətəndaş kimi problemləri şişirtməyin də əleyhinəyəm-sadəcə onları həll etməyin yollarını göstərmək və çalışmaq lazımdır.

…Son günlər erməni mətbuatını diqqətlə izləyirəm. Paşinyan deyəndə ki, “Azərbaycan müharibə edərsə, dünyanın bütün erməniləri ayağa qalxar”, yadıma bir əhvalat da düşdü.

90-cı illərdə Moskva Dövlət Universitetində təhsil alırdım. Universitetin Şvernik küçəsindəki yataqxanasında qalırdım. Hər axşam birinci mərtəbədə yerləşən beynəlxalq danışıqlar üçün telefon aparatının yanına dünyanın bir-çox ölkələrindən olan tələbələr yığışırdı. Hamı növbə tutub ardıcıllıqla istədikləri ölkə və şəhərlə danışırdı. Mən də tez-tez bu imkandan istifadə edirdim. Tələbələrin çoxu  ya şəxsən, ya da üzdən bir-birini tanıyırdı. Bir dəfə burda toplaşan tələbələrə yaxınlaşıb, axırıncı kimdir?-deyə soruşdum. Bir tələbə, “axırıncı mənəm, dünyanın bütün erməniləri də mənim arxamdadır”, dedi. Özümü birbalaca itirsəm də sualı yenidən təkrar elədim.Yenə eyni cavabı eşitdim. Onun bu cavabını  növbədə olan tələbələrin çoxu təbəssümlə qarşıladı. Mən də bir balaca gülümsədim və həmin tələbəyə dedim ki, deməli axırıncı sənsən və dünyanın bütün erməniləri də sənin arxandadır. Dedi ki,elədir. Dedim ,onda belə çıxır ki, dünyanın bütün ermənilərinin arxa tərəfi mənim qabaq tərəfimə düşür… Bayaq erməni tələbənin sözlərinə təbəssümlə cavab verən tələbələr mənim bu sözlərimi gülüşlə qarşıladılar. Sonradan eşitdim ki, o əvvəllər də növbədə azərbaycanlı tələbələrə qarşı bu cavabı tez-tez səsləndirirmiş. Amma bu hadisədən sonra həmin tələbə bu sözləri dilinə gətirmədi.

  …Mətbuat cırıq ayaqqabıdan da yaza bilər, düşmüş şalvardan da, amma əsas məsələlər, vətəndaşlıq  borcumuz  unudulmamalıdır !

   Rəsmi statistikaya görə, indi əhalinin 50 faizindən çoxu münaqişədən sonra doğulanlardı. Yəni əhalinin yarısından çoxu işğal altında olan torpaqları görməyənlərdi. Bu faiz get-gedə çoxalır. Öz dədə-baba yurdunu görməyən yeni nəsildə  vətənpərvərlik ruhunun  aşılanması vacib məsələlərdən biridir… Aprel döyüşləri  vaxtı Azərbaycan ordusunun   gücünü təkcə Ermənistan yox, həm də dünyanın bütün erməniləri gördü. Zaman  göstərdiki  ordumuz  zəfər  yürüşünə tam hazırdır.

 …Son hadisələr bir daha göstərdi ki, respublikanın Prezidenti cənab İlham Əliyev xalqın yanındadır. Biz də bir vətəndaş kimi onun yanında olmalı və problemlərin həllində ona kömək etməliyik. Bu işdə hamı bir və tən olmalıdır! Çünki vətən bir olmalıdır !

Mübariz Əsgərov, əməkdar jurnalist

Share

loading...

Author: News Department

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir