Azərbaycan əsilli milyarderlər niyə alban kilsələrinin təmirinə pul ayırmır?

Bizimkilərin Paris Notr-Dam kilsəsinin təmirinə yüz milyonlar ayıran iş adamlarından nəyi əskikdir?

Vahid Əhmədov: “Forbes”in siyahısına adları düşən, kifayət qədər zəngin olan iş adamlarımız Azərbaycanın inkişafında, xeyriyyəçilik işlərində iştirak edə, buraya investisiya qoya bilərlər”

Fazil Mustafa: “Bunun üçün güvən və mülkiyyət toxunulmazlığına təminat yaradılmalıdır”

Bir neçə gün əvvəl dünyanın ən məşhur tarixi abidələrindən olan Paris Notr Dam kilsəsinin böyük bir hissəsinin dünən yanması bütün dünyada böyük üzüntü ilə qarşılandı.

Daha çox böyük fransız yazıçısı Viktor Hüqonun “Notr-Dam kilsəsi” romanı ilə xatırlanan bu əzəmətli tikilinin bir sıra özəllikləri barədə çoxsaylı rəylər tirajlandı. Parisin II Jan-Pol meydanında yerləşən qotik üslublu Notr-Dam kilsəsinin inşasına 1163-cü ildə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə başlanılıb. Kilsənin tam inşası 1345-ci ildə başa çatıb. Məlumatlarda qeyd olunur ki, kilsədə həm erkən qotik memarlıq üslubu, həm də XIII əsr qotik memarlıq üslubu cəmlənib. Transeptin hər iki tərəfindəki qızılgül pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır. İnşası tamamlananda bu kilsə qərbin ən böyük kilsələrindən biri olub. İnqilablardan sonra 1844-1864-cü illərdə arxitektor Violle-le-Dükün rəhbərliyi altında kilsə restavrasiya olunub və yeni motivlər əlavə edilib. Öz memarlığı ilə fərqlənən kilsə kralların tac geyindiyi Reyms Notr-Dam kilsəsi, Amyen Notr-Dam kilsəsi və Bove Notr-Dam kilsələri ilə müqayisə edilir. Bunlar öz yerində. Qeyd edək ki, zaman-zaman kilsənin təmiri ilə əlaqədar böyük miqdarda vəsaitlər toplanıb. Elə 2017-ci ildə kilsənin baş yepiskopu yenidən restavrasiya üçün 20 il müddətində 100 milyon avroluq məbləğin yığılması ilə bağlı çıxış edib. 10 milyon avro işçilər üçün, 10 milyon avro kilsənin yanında müqəddəs yer üçün, 20-30 milyon avro isə su arxlarının dayaqlarını gücləndirmək üçün nəzərdə tutulmuşdu. 2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilən kilsəni il ərzində 20 milyondan çox insan ziyarət edir. (Kult.az) Beləcə, iki dəhşətli Dünya Müharibəsindən salamat çıxan 856 illik Paris Notr-Dam kilsəsi 2019-cu il aprelin 15-də yanğın nəticəsində məhv oldu.

Diqqətçəkən budur ki, yanğından sonra bir hissəsi məhv olmuş Notr-Damın bərpasına milyonlarla avro həcmində yardım vəd olunmaqdadır. Yanğınsöndürənlər 850 illik qotik binanın gövdəsini və iki qülləsini qoruya biliblər, ancaq onun damı və əsas qülləsi dağılıb. Artıq məşhur kilsənin bərpasını müzakirə etməyə başlayıblar. Fransa prezidenti Emmanuel Macron tarixi binanın yenidən qurulacağını vəd edib. Daha iki fransalı sahibkar isə onun bərpası üçün 300 milyon avro ianə ayırdığını bildirib. “Gucci” və “Yves Saint Laurent” brendlərinin sahibi olan Kering qrupunun Baş icraçı direktoru, François-Henri Pinault yanğının törətdiyi dağıntının ləğv edilməsinə 100 milyon avro verəcəyini bildirib. “Reuters” agentliyinə əsasən, daha 200 milyon avro ayıracağını Louis Vuitton və Sephora şirkətlərinin daxil olduğu LVMN biznes imperiyasının sahibi Bernard Arnault ailəsi bəyan edib.

AFP xəbər agentliyi bildirir ki, milyonçu, “Gucci” və “Yves Saint Laurent”-in sədri François-Henri Pinault artıq Notr-Dam kilsəsinin yenidən qurulması üçün 100 milyon avro ianə edib.

Fransada yanmış kilsəyə az qala bir milyard dollardan artıq vəsaitin toplanması bizi digər bir mövzuya da müraciət etməyə vadar edir. Azərbaycanda bərpasına ehtiyac duyulan kifayət qədər tarixi abidələr var, o cümlədən qədim alban kilsələri. Məsələn, bu günlərdə “Xəzər TV-nin efirində yayınlanan verilişdə Balakəndəki Arılıqbinə məbədindən bəhs olundu. Tarixçi alim Akif Məmmədli bildirdi ki, bu məbəddən nümunələr götürən əcnəbi alimlər onun tarixinin daha qədim olduğunu, hətta 2 min ilə çatdığını bildiriblər. Lakin çox təəssüf ki, bu cür nadir abidə uçulub məhv olmaq üzrədir. Eyni zamanda Zaqataladakı qədim alban məbədi də bərbad vəziyyətdədir. Ancaq belə abidələr yüzlərlədir. Qarabağdakı alban məbədlərini işğalçılar erməniləşdirmək üçün illərdir cəhdlər göstərir. Anlaşılandır, bu ərazilər hələ ki, işğal altında olduğu üçün əlimiz yetmir. Bəs, Azərbaycan əsilli iş adamları nədən fransızların bir kilsəyə göstərdiyi diqqətin yüzdə birini Azərbaycandakı abidələrə göstərmirlər, onların təmirinə maliyyə vəsaiti ayırmırlar?

Yeri gəlmişkən, bu günlədə “Forbes” jurnalının Rusiya versiyası ölkə zənginlərinin yeni reytinqini tərtib edib. Siyahının 3-cü pilləsində Azərbaycan əsilli, Bakıda anadan olmuş iş adamı Vahid Ələkbərovun adı var. “LUKoyl” şirkətinin prezidentinin varidatı 20,7 milyard dollara çatıb. Siyahıda əslən Qubanın Qırmızı qəsəbəsində anadan olmuş Qod Nisanov (3,5 milyard dollar) və Zarah İliyev (3,5 milyard dollar) qərarlaşıblar. 52 yaşlı Zarah İliyev zənginlərin reytinqində 33-cü, 46 yaşlı Qod Nisanov isə 34-cü pillədədir. “Crocus” şirkətlər qrupunun sahibi olan 63 yaşlı Araz Ağalarov isə 1,9 milyard dollar sərvətlə 52-ci yerdə qərarlaşıb. Rusiyanın ən zəngin 200 iş adamı arasında 5-ci azərbaycanlı Fərhad Əhmədovdur. 63 yaşlı azərbaycanlı 1,4 milyard dollar sərvəti ilə siyahının 67-ci pilləsindədir. Modern.az xəbər verir ki, zənginlərin siyahısında 6-cı azərbaycanlı əslən Qusar rayonundan olan Seyfəddin Rüstəmovdur. 56 yaşlı iş adamı 700 milyon dollar gəlirlə 152-ci yerdədir.

Göründüyü kimi, “Forbes”in siyahısında zənginlərimizin sayı artır, ancaq… Təkcə Rusiyada yaşayan və “Forbes”in siyahısına düşən 6 milyarderimiz var. Onlar Qarabağ üçün hansı işləri görüblər, pul xərcləyiblərmi? Axı, Qarabağda da bizim alban kilcələrimiz, məscidlərimiz dağıdılır on illərdir. Niyə biizm milyarderlərin səsi çıxmır?

“Azərbaycanın imkanlı insanları da əgər Qarabağ azad olunarsa, tam əminəm ki, ora üçün vəsaitlərini əsirgəməyəcəklər. Bizdə xeyriyyəçilik ənənəsi zəif olsa da, ancaq belə bir həssas məsələdə fədakarlıq göstərəcəklər”.

Bu fikirləri BQB başqanı, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ancaq deputat əlavə etdi ki, indiki durumda Fransadakı ianə kampaniyası ilə müqayisə fikrimcə doğru olmazdı: “Konkret hansısa abidə düşmənin əlindədirsə, burada xeyriyyəçilik barədə hipoteza irəli sürmək anlaşılmazdır. Bir də bizdə rəsmi milyader obrazında hələ ki, özünü təqdim edən yoxdur. Azərbaycanlı adı ilə tanıdılan milyarderlərin hamısı Rusiya dövlətinin maraqlarını haqlı olaraq üstün tuturlar. Çünki varidatlarını Rusiya mühitində yaradılan şəraitə görə qazanıblar. Qarabağa pul xərcləməməyə görə onları qınamaq olmaz. Nisbətən imkanlı azərbaycanlıların öz ölkəsinə pul xərcləməmək istəməməsinin səbəbini isə müvafiq qurumları bu cür imkanlı şəxslərin başına açdığı oyunlardır. Çoxusu ölkəyə sərmayə yatırmaq istəyib, elə bir şapalaq yeyiblər ki, sərmayələrini də qoyub gəldikləri yerə qaçıblar. Burada biznes mühitini sağlamlaşdırsaq, məhkəmələrin müstəqilliyinə imkan versək, xaricdəki azərbaycanlılar təkcə ölkəyə sərmayə yatırmazlar, həm də Qarabağın azad olunması üçün ağlasığmaz fədakarlıqlar göstərərlər”.

Ancaq bizim imkanlılar Qarabağ əlilləri, şəhid ailələrinə dəstək ola, Silahlı Qüvv yardım fonduna vəsait keçirə, Qarabağın azadlığına yatırım qoya bilərlər. F.Mustafa isə deyir ki, bunun üçün güvən və mülkiyyət toxunulmazlığına təminat yaradılmalıdır: “Bu mühiti yaratmadıqca, qorxudan kimsə imkanlarını ortaya qoymayacaq ki, birdən başqa üsullarla əlindən alacaqlar. Bu sindromu sındırmalıyıq. Ermənilərdə diasporanın vəsait xərcləməsinin tarixi ənənəsi var, biz diasporanı dövlətdən umacağı olan təsisatlara çevirdiyimizə görə, onlar yardım almayanda küsürlər. Fərqli diaspora anlayışımız olduğuna görə ermənilər bu məsələdə bizdən daha sistemli çalışa bilirlər”.

Deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə fransız milyonçularının kilsənin bərpasına dəstək verməsini nümunəvi addım kimi qeyd etdi: “Hətta iki fransız milyonçusu hər biri 100 milyon vəsait ayırdı bu məqsədlə. Çox təəssüflər ki, bizdə bu hallara rast gəlinmir. Azərbaycanın Qarabağ problemi ilə yanaşı, digər problemi də var. Yəni Azərbaycanda doğulmuş, burda yaşamış və hazırda başqa ölkələrdə yaşayan və kifayət qədər böyük imkanlara malik soydaşlarımız var. Bizdə elə köhnə kilsələr, məscidlər var ki, onların bərpası çox vacibdir. Düzdür, bizim bəzi iş adamlarımız var ki, bəzi xeyriyyəçilik işləri ilə məşğul olurlar. Məsələn, Mübariz Mənsimov, yaxud Telman İsmayılovun bu istiqamətdə addımlarını qeyd etmək olar. Amma onlar da müəyyən qüvvələr tərəfindən sıxışdırıldı, onlar təzyiqlərə məruz qaldılar. Lakin istənilən halda, mən hesab edirəm ki, onlar xeyriyyəçilik fəaliyyətlərini davam etdirməlidirlər”. V.Əhmədov qeyd etdi ki, “Forbes” siyahısına adları düşən, kifayət qədər zəngin olan iş adamlarımız var və onlar Azərbaycanın inkişafında, xeyriyyəçilik işlərində iştirak edə, buraya investisiya qoya bilərlər: “Yaxud onlar köhnə, tarixi abidələrin bərpasına maliyyə dəstəyi verə bilərlər. Həmçinin Qarabağ məsələsində onların köməyi vacibdir. Fikir verin, Ermənistanın dövlət büdcəsi ağır durumdadır. Vaxtilə Şarl Aznavur Ermənistan büdcəsinə 100 milyonlarla vəsait verirdi ki, bu ölkə inkişaf eləsin. Yaxud hansısa erməni milyonçu Ermənistana təyyarə hədiyyə etmək istədiyini bildirmişdi. Belə insanlar bizdə də var, onlar çox diqqətli olmalıdırlar. Belə həssas məqamda Azərbaycan dövlətinə, əhalisinə yardım etməlidirlər”.

 

E.PAŞASOY,
“Yeni Müsavat”

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir