İranda ermənilərin Türkiyə əleyhinə planlaşdırdığı yığıncağa qarşı etiraz edən Güney Azərbaycanlıların sayı 13-ə çatıb – VİDEO

Çərşənbə günü, aprelin 24-də Tehranda ermənilərin Türkiyə əleyhinə planlaşdırdığı yığıncağa qarşı etirazda saxlanılan soydaşlarımızın sayı 13-ə çatıb.

Gunaz.tv-nin məlumatına görə, soydaşlarımız Tehranın “Kərimxan Zənd” xiyabanında toplaşaraq ermənilərin planlaşdırdığı aksiya ilə bağlı xəbərdarlıq ediblər. Polis tərəfindən saxlanılan etirazçıların kimliyi Əli Novin, Rza Nəziri, Əfşin Nəziri, Aydın Hacızadə, Ruhulla Heydəri, Kərimulla Nurbəxş, Nasir Məhdəvi, Bayram Mahmudi, Əsğər Cəfəri, Rza Ağayi, Əli Ağayi, Əli İbrahimi və Söhrab Cəlilzadədən ibarətdir.

Hələlik fəalların harada saxlandığı və vəziyyəti barədə heç bir məlumat yoxdur.

Azərbaycan Milli Hərəkat fəallarının ayıq-sayıqlığı və vaxtı-vaxtında keçirdiyi etirazlar nəticəsində ötən illərdən fərqli olaraq bu il aprelin 24-də ermənilər Türkiyə səfirliyi qarşısında yığıncaq keçirə bilməyib.

Azərbaycanlı fəallar gözlənilən aksiyanın qarşısını almaq məqsədi ilə aprelin 3-dən imzatoplama kampaniyası keçirərək planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb ediblər. Kampaniyaya qoşulanlar arasında Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri də olub. Bir neçə gün ərzində toplanan 12 min imza kampaniya təşkilatçıları tərəfindən İranın daxili işlər naziri və Tehran Valiliyinə təqdim olunmuşdur.

Azərbaycanlıların xəbərdarlığı nəticəsində ermənilərin səfirlik qarşısında aksiya keçirməsinə icazə verilməsə də onlar Sarkis kilsəsinə toplaşıb, kilsənin divarlarından yazılı bannerlər asaraq qondarma erməni soyqırımını anıblar. Ermənilərin qondarma soyqırımla bağlı yığıncağını bu şəkildə məhdudlaşdırmaq azərbaycanlı fəallar üçün böyük uğur hesab olunur.

Azərbaycanlı fəallar yığıncaq keçiriləcəyi təqdirdə Türkiyə səfirliyi qarşısında insan zənciri yaradacaqları barədə xəbərdarlıq etmişdilər.

Xatırladaq ki, 1915-ci il hadisələrini sözdə soyqırım kimi qəbul edən ermənilər hər il aprelin 24-də Türkiyənin Tehrandakı səfirliyi qarşısında geniş etiraz aksiyası keçirir. Qondarma soyqırım bəhanəsi ilə “Türkiyəyə ölüm”, “türkə ölüm” və s. kimi şüarlar səsləndirən ermənilər İranın rəsmi icazəsi ilə türklərə qarşı belə bir hərəkətə əl atır. Bu o halda baş verir ki, İran rejimi azərbaycanlılara Dağlıq Qarabağla bağlı hər hansı tədbir keçirməyə heç bir şəkildə icazə vermir.

 

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir