Bu, bizim fəxr etdiyimiz təşəbbüsdür – İlham Əliyev

Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür.

Beynelxalq.İnfo-nun məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

“Ötən il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd etdik. Bu da bizim fəxr etdiyimiz bir təşəbbüsdür. Yadımdadır, 2008-ci ildə bu təşəbbüs irəli sürülən kimi, o, dərhal beynəlxalq diqqəti özünə cəlb etdi. İlk dəfə məhz Azərbaycan Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini bir araya gətirdi. 100-dən artıq dövlətin nümayəndəsi Bakıda toplaşdı və əməkdaşlıq perspektivlərini müzakirə etdi. Biz eyni tərkibdə nazirlərin iştirakı ilə daha bir tədbiri 2009-cu ildə təşkil etdik. Bu təşəbbüs “Bakı Prosesi” adlandırıldı və bu gün həmin proses Avropa ilə müsəlman dünyası arasında dialoq üçün mühüm vasitədir. Həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa təsisatlarına eyni zamanda üzv olan nadir ölkələrdən biri olan Azərbaycan təmasların qurulması və dialoq üçün imkanların yaradılmasında özünün təbii və əminəm ki, müsbət rolunu oynayır. Bizim dialoqa ehtiyacımız var. Mədəniyyət və dinlərarası münasibətlər, siyasi gündəlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərində dialoq zəruridir. Forumun adı belə dialoq adlanır. Yəni biz məhz bunu dünyaya təqdim edirik və bu təşəbbüs geniş beynəlxalq dəstəyə malikdir”, – dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev deyib ki, bu gün “Bakı Prosesi” BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir: “Əminəm ki, “Bakı Prosesi”nin böyük gələcəyi var. Bu qəbildən olan forumlar mədəniyyətlərarası dialoq mövzusuna diqqəti cəlb edir, yeni ideyalar və yanaşmalar ortaya qoyulur. Müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda mühüm qərar qəbul edənlər üçün bu, düzgün qərarların verilməsi məqsədilə yaxşı və müsbət platformadır. Bu baxımdan Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür. Biz körpülər qururuq. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əlbəttə, bizim coğrafiyamız tariximizə təsir edib və bugünkü inkişafımıza da təsir etməkdədir. Bu gün nisbətən gənc müstəqil dövlət olan Azərbaycan Avropa ilə Asiya arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Siyasi, iqtisadi, mədəni körpülər, eyni zamanda praktiki baxımdan da nəqliyyat bağlılığı yaradan körpülər”.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir