Köçəryan, Paşinyan və İnsanovu nə birləşdirir? – Deputat

Əli İnsanov 2005-ci ildə vəzifə cinayətlərinə, korrupsiyaya, eyni zamanda rəhbərlik etdiyi sahədə böyük yeyintilərə yol verdiyinə görə həbsə məhkum edilmiş biridir. Eyni zamanda o, həbsxana qaydalarını pozduğuna görən elə həbsdəykən ikinci dəfə cəza almış oldu. Ancaq ölkə Prezidenti cənab İlham Əliyev böyük humanistlik göstərərək, Əli İnsanovu vaxtından əvvəl həbsdən azad etdi. Gözləmək olardı ki, dövlət orqanlarında işləmiş, artıq yaşının 80-ci onilliyini xırdalayan bir insan bu yaşında cəmiyyətə mehribanlıq, sülh, əminamanlıq arzu edəcək. Ancaq bu dəfə də o özünü daha başqa cilddə təqdim etdi.

Beynelxalq.İnfo xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə açdığı canlı yayımda prezidentin sərəncamı ilə azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı danışarkən deyib.

Deputat bildirib ki, Ə.İnsanov ölkə başçısının ona göstərdiyi humanist addımı qiymətləndirməli, keçmişdə etdiyi cinayətləri, səhvləri yada salmamaq üçün sadəcə olaraq öz şəxsi həyatını yaşamalı idi. Lakin o öz pis əməllərini davam etdirməkdən çəkinmir:

“Əli İnsanov həbsdən çıxdığı çox qısa müddət ərzində artıq özünü yeni cilddə cəmiyyətə sırımağa çalışır. O özünü demokrat, Azərbaycanın daxili və xarici siyasətini kökündən quracaq və ölkəni kökündən dəyişəcək insan kimi təqdim edir.

Yəqin o, hesab edir ki, yaşlı nəsil onun kim olduğunu unudub. Xeyr, heç kəs Əli İnsanovun kimliyini və onun etdiyi yaramazlıqları unutmayıb. Əli İnsanov özünü qərbi azərbaycanlıların lideri kimi qələmə verməyə çalışır. Halbuki o, qərbi azərbaycanlıların imicinə böyük zərbə vurur və bu gün qərbi azərbaycanlılar ona nifrət edir. Ona görə ki, Əli İnsanov onların adından danışır, bu icmaya ləkə gətirir”.

A.Mirzəzadə bildirib ki, Əli İnsanov Azərbaycana bir regionçuluq gətirdiyinə görə ona təkcə qərbi azərbaycanlılar deyil, bütün xalq nifrət edir:

“O, səhiyyə naziri olduğu müddətdə ölkə səhiyyəsini bərbad bir vəziyyətə saldı. Hər iki prezidentə, həm Heydər Əliyevə, həm İlham Əliyevə yalan məlumatlar verdi. Ona inanıldı, ona etimad göstərildi, ancaq bunun əvəzində o, səhiyyəni bərbad vəziyyətə saldığı, səhiyyə sahəsində diktatura rejimi qurduğu məlum oldu. Məlum oldu ki, o, heç bir yenilik etməyib. Həbsdən çıxdıqdan sonra onun etdiyi çağırışlar Azərbaycanı parçalamağa, ölkəni bu günün Suriyasına, Yəməninə, Liviyasına çevirməyə hesablanıb.

Onun verdiyi müsahibələr bu gün Azərbaycan mediasında yayımlanır, lakin o deyir ki, bu gün Azərbaycanda demokratiya yoxdur.

Əli İnsanov kimilərin ölkədə nifaq salmaq kimi arzuları boşa çıxacaq. Əli İnsanov bu gün Dağlıq Qarabağ münaqişəsi məsələsinə Robert Köçəryan, Nikol Paşinyanla eyni mövqedədir. Hesab edirəm ki, bu cür məsələlərə mütləq münasibət bildirilməlidir. Əliinsanovlar hesab etməsinlər ki, keçmişi unutmuşuq. Gənclər də onu yaxşı tanıyacaq. Bu insan səhiyyəni bərbad günə qoymuş, mətbuatı təhqir edən, dövlət mülkünü talayan Əli İnsanovdur”./axar.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir