Heç vaxt təslim olma – FOTO/VİDEO

Çempionlar Liqasının ilk finalçısı müəyyənləşdi. Lakin bu hamının gözlədiyi kimi, “Barselona” deyil… “Liverpul”un əzmkar oyunu Kataloniya klubunun azarkeşlərinin arzusunu ürəyində qoydu.

Salah, Firmino və Keytasız

Cavab qarşılaşmasından əvvəl “Liverpul” üç əsas futbolçusunu itirmişdi. İngiltərə Premyer Liqasının son turunda “Nyukasl”a qarşı oyunda “qırmızı”ların əsas ulduzu, misirli Məhəmməd Salah oyunu xərəkdə tərk edir. Hücumçuya beyin silkələnməsi diaqnozu qoyulur və o, “Barselona” ilə oyunu buraxmalı olur.

Salah özü stadiona “heç vaxt təslim olma” yazılı futbolka ilə gəlir. Salahdan əlavə, braziliyalı Roberto Firmino və qvineyalı Nabi Keyta da oyunu zədə səbəbindən buraxmalı olurlar.

“Barselona” isə Primeranın son turunda “Selta”ya qarşı oyunda əsas oyunçuları Suarez və Messiyə istirahət verir.

Erkən qol

“Enfild” futbolçularını möhtəşəm mahnılarla qarşılayır.

“Liverpul” ilk dəqiqələrdən hücuma keçir və artıq matçın 7-ci dəqiqəsində Divok Oriqi oyunda hesabı açaraq azarkeşləri ümidləndir. Klopp bunun başlanğıc olduğunu hiss edir və yanılmır.

Düzdür, bundan sonra ilk hissədə təşəbbüsü “Barselona” futbolçuları ələ keçirirlər. Lakin onların bütün cəhdləri uğursuz olur. Son anda ya hücumçuları dəqiq olmur, ya da qapıçı Alison Beker kataloniyalılara sevinməyə imkan vermir.

Oyunun taleyini ikinci hissədə Robertsonun zədələnməsindən sonra meydana daxil olan hollandiyalı Veynaldum həll edir. İki dəqiqəyə dubl edən yarımmüdafiəçi “Enfild”i coşdurur.

Və budur 79-cu dəqiqə. Künc zərbəsindən sonra başlarını itirmiş “Barselona” futbolçuları, Divok Oriqi və 4:0.

“Enfild” sevincdən göz yaşlarına boğulur, ispaniyalılar isə sanki yuxudadırlar. Messi və Suarez isə elə bil istirahətdən qayıtmayıblar.

Üç qol onlara azdır

Bu oyundan sonra, hər kəs 14 il əvvəl, 2005-ci ildə keçirilən İstanbul finalını yada saldı.

Şevçenkolu “Milan”la matçda ilk hissədən sonra qapısından üç qol buraxan mersesaydlılar ikinci hissədə heç kimin gözləmədiyini etdilər – 3:3. Ardınca penalti zərbələrində daha dəqiq olaraq kuboku başları üzərinə qaldırdılar.

Ötən gecəki oyunla “Liverpul” bir daha sübut etdi ki, üç qol onlara qarşı azdır.

“Barselona” isə bununla da ardıcıl ikinci dəfə Çempionlar Liqasında ilk oyunda qələbəyə baxmayaraq, turnirlə vidalaşır. Bu arada, Alison Bekeri yada salmaq lazımdır.

Ötən il “Roma” ilə kataloniyalıların qarşısını kəsən braziliyalı, bu il “Liverpul”la onlara eyni aqibəti yaşatdı.

Göz yaşları və ağlasığmaz emosiyalar

“Mənim oğlanlarım əjdahadırlar! Bu inanılmazıdır!”, – oyundan sonra Yurqen Klop bəyan edib.

Futbolçular da emosiyalarını saxlamırdılar, azarkeşlərlə birgə “You’ll Never Walk Alone” mahnısını oxuyurdular, kapitan Cordan Henderson isə bu oyunu karyerasının ən vacib oyunlarından biri adlandırdı:

“İnanılmazdır, çünki bizə heç kim inanmırdı. Bizi hesabdan silmişdilər, lakin biz özümüzə inanırdıq. Möhtəşəm komandamız var”.

Ardıcıl ikinci final

“Liverpul” Çempionlar Liqasının ötən mövsümünün finalında Madridin “Real” klubu ilə qarşılaşmışdı və 3:1 hesabı ilə uduzmuşdu. Bununla da “Liverpul” ardıcıl iki dəfə ÇL-nin finalına çıxan ikinci İngiltərə klubu oldu –  “Mançester Yunayted”dən sonra.

Finalda Yurqen Kloppun yetirmələri “Ayaks” – “Tottenhem” cütünün qalibi ilə qarşılaşacaq. Londonda keçirilən ilk oyunda hollandiyalılar minimal hesabla qələbə qazanıblar./oxu.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir