Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Bu gün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Beynelxalq.İnfo xəbər verir ki, imtahan ölkənin 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılacaq.

İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahanın müddəti 3 saatdır.

Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə I qrupda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

Məlumat üçün bildirək ki, imtahanda 32173 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 27225 abituriyent I qrup üzrə, 4948 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 29348 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 24949, IV qrup üzrə 4399 nəfər), 2825 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2276, IV qrup üzrə 549 nəfər) məzunudur. Abituriyentlərin 19438 nəfəri oğlanlar (I qrup üzrə 18065 nəfər, IV qrup üzrə 1373 nəfər), 12735 nəfəri isə qızlardır (I qrup üzrə 9160 nəfər, IV qrup üzrə 3575 nəfər). 28288 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3320 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 48 nəfər ali təhsil müəssisələrinin, 517 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 164 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 14195, Naxçıvanda 721, Gəncədə 3557, Sumqayıtda 2080, Mingəçevirdə 1603, Şəkidə 2177, Bərdədə 1167, Göyçayda 1534, Şirvanda 1655, Lənkəranda 1989, Xaçmazda isə 1495 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 45-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir