AŞPA-nın İrəvana qarşı qətnamələri niyə icra edilmir?

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Azad Müzakirələr zamanı AŞPA-nın qəbul etdiyi 1416 saylı və Sərsəng su anbarı ilə bağlı qətnamədən danışıb.

Beynelxalq.Info xəbər verir ki, millət vəkili qəbul edilən qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməməsindən narazılıq edib və təşkilatı ikili standartlara son qoymağa çağırıb.

“Mən Avropa Məhkəməsinin icra olunmayan qərarları, AŞPA-nın uzun illərdir həyata keçirilməyən qətnamələri və uzun illlərdir Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov saxlanılan azərbaycanlı köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışmaq istəyirəm. Azərbaycan dövlətinin səylərinə, çalışmalarına, baş katib cənab Yaqlandın açıqlamalarına, çağırışlarına baxmayaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində hələ ki, heç bir müsbət irəliləyiş yoxdur. Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır. Bu insanların heç bir suçu yoxdur. Onlar sadəcə köçkün düşdükləri evlərini, ailə üzvlərinin məzarlarını ziyarətə gediblər. Amma Ermənistan dövləti neçə ildir ki, bu insanlara zülm edir. Dilqəm Əsgərovun oğlu bir neçə gündür Assableyamızda tədbirlərdə, görüşlərdə iştirak edərək, atasına qarşı Ermənistanda verilən işgəncələrin durdurulması və onun azad edilməsi üçün Avropa Şurasının, Parlament Assambleyasının səylərini artırmasını xahiş edir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından bu istiqamətdə daha böyük səylər gözləyirlər. Mən Azərbaycan dövlətinin təmsilçisi olaraq sizləri, Assambleyamızı bu insanlıqdan kənar, qeyri-qanuni əməllərə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik”, – millət vəkili bildirib.

Q.Paşayeva həmçinin qeyd edib ki, Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistan rəhbərliyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını artıq neçə ildir yerinə yetirməkdən imtina edir:

“Doğma yurduna qayıda bilməyən qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün Avropa Şurası qurumları da ciddi addımlar atmır və qərarın yerinə yetirilməsi üçün Ermənistanın rəhbərliyinə heç bir təzyiq göstərmir. Avropa məhkəməsi qərarlarının yerinə yetirilməməsi Parlament Assambleyasını ciddi narahat etməlidir və onun yerinə yetirilməsi üçün AŞPA, Avropa Şurası təsisatları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Doğma evinə qayıda bilməyən qaçqın və məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa çağırır”.

Millət vəkili AŞPA-nın Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi 2085 saylı qətnaməsindən də danışıb və həmin qətnamədə AŞPA-nın Ermənistandan su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoymasını tələb etməsini yada salıb:

“Amma Ermənistan bu qətnamənin həyata keçirilməsi üçün də heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə rayon bundan ciddi əziyyət çəkir. İndi yay aylarıdır və susuzluqdan əziyyət çəkən on minlərlə insan Assambleyanı bu məsələyə də diqqət yetirməyə və qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atmağa və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etməyə çağırır”.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir