Yeni nəsil kassa-aparatlarının ənənəvi kassadan üstünlükləri nələrdir?

Məlum olduğu kimi, yeni nəsil kassa-aparatlarının tətbiqi üzrə birinci mərhələ çərçivəsində işlərin icrasına başlanılıb. Sözügedən e-kassalar iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində quraşdırılacaq.

Beynelxalq.İnfo xəbər verir ki, TED.az məsələnin aktuallığın nəzərə alaraq e-kassa haqqında qısa bir araşdırma aparıb.

E-kassa nədir?

E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. Onun vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi təmin ediləcək. E-kassa pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə ediləcək. E-kassalarda USB portu mövcud olacaq və bu qurğu qanunvericilikdə nəzərdə tutulmuş e-kassa çekini çap etməyə imkan verən müvafiq çap avadanlığı ilə təchiz ediləcək. Eləcə də, internetə çıxış imkanlarına (GSM, Wi-fi, Ethernet və s. vasitəsilə) malik olacaq.

E-kassanın ənənəvi kassadan üstünlükləri hansılardır?

E-kassanın köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlükləri vardır. Mövcud olan əsas ustünlükləri, məlumatların onlayn ötürülməsi, kriptoqrafiq prosedurlardan istifadə edilməsi, yeni çek formalarının tətbiq edilməsi və aparılmış əməliyyatlar üzrə təhlil imkanlarının yaradılmasıdır. Məlumatların onlayn ötürülməsi dedikdə, e-kassa vasitəsilə aparılan əməliyyatlar zamanı həyata keçirilən hesablaşmalar barədə informasiyalar Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülmə nəzərdə tutulur. Kriptoqrafik prosedurlar kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentikasiyasına nəzarət məqsədilə istifadə olunur.

Yeni çek formalarının tətbiqinin əsas üstünlüklərindən biri üzərində qeyd edilən QR kodudur. Onun vasitəsilə müştərilər, yəni istehlakçılar, həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilir. Təhlil imkanları isə vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması nəzərdə tutulur.

E-kassanı necə əldə etmək olar?

Pul hesablaşmalarını e-kassa ilə həyata keçirməli olan vergi ödəyicisi qeydiyyatdan keçmiş e-kassa operatoruna müvafiq sənədlər təqdim etməklə müraciət etməlidir. Vergi ödəyicisinin sənədləri e-kassa operatoru tərəfindən yoxlanıldıqdan sonra tərəflər arasında müqavilə imzalanır və bu müqavilənin əsasında e-kassanın uçota alınması üçün e-kassa operatoru tərəfindən qanunvericilikdə müəyyən edilən prosedurlar həyata keçirilir.

Kimlər e-kassa operatoru ola bilər?

Qanunvericiliklə nəzərdə tutulan bütün tələblərə cavab verən hüquqi şəxs e-kassa operatoru ola bilər. Bunun üçün o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada portal üzərindən ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək qeydiyyatdan keçməli və əldə etdiyi e-kassanın dövlət reyestrinə daxil edilməsini təmin etməlidir.

Bəs e-kassa aparatları müəyyən obyektlərə quraşdırıldıqdan sonra, onlardan istifadə etməyən obyektlər qanunvericiliyə görə məsuliyyətə cəlb olunacaqmı?

Məsələ ilə bağlı Vergilər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb: “Qeyd olunan proses, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli qərarına əsasən həyata keçirilir. Respublika ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş e-kassa modellərinin tətbiqinə icazə verilir. E-kassa ilə bağlı texniki tələblər sahələrarası ekspert komissiyası tərəfindən müəyyən edilir. Nəzərdə tutulduğu kimi, obyektlər quraşdırıldıqdan sonra e-kassadan istifadə etmədiyi təqdirdə qanunvericiliyin pozulmasına görə, qanunvericiliklə məyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.

Qeyd edək ki, yeni nəsil nəzarət kassa aparatlarının operatorlarının fəaliyyəti, hüquq və vəzifələri eləcə də cərimələr “e-kassagov.az” portalında yer alıb.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir