Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

8 iyul 2019-cu ildə başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 55 minə yaxın namizəd qeydiyyatdan keçib. Bu ötən illərlə müqayisədə rekord göstəricidir.

Beynelxalq.İnfo AzEdu.az-a istinadən xəbər verir ki,  bu günə kimi 15797 namizəd alman dili, fransız dili, ingilis dili, rus dili, biologiya, coğrafiya, fizika, informatika, musiqi və tarix fənlərindən imtahan verib.

Bu fənlər üzrə imtahanda 2280 sualdan istifadə edilib. Yalnız 8 sualda (0.35%) müxtəlif qüsurlar aşkar olunub və onlar da namizədlərin xeyrinə hesablanıb.

Kütləvi şəkildə keçirilən beynəlxalq imtahanların təcrübəsinə uyğun olaraq, müəllimlərin işə qəbulu imtahanında namizəd tərəfindən düzgün cavablandırılan suallar növbəti imtahanlarda da istifadə oluna bilər. Bu səbəbdən bütün namizədlərə səhv cavab verilən sualların məzmunu və düzgün cavablar barədə məlumatlar təqdim edilmir. Əgər hər hansı bir namizəd səhv cavablandırdığı sualların məzmunu və düzgün cavabları ilə tanış olmaq istəyirsə, bu halda son imtahanın keçirildiyi gündən sonra (24 iyul) təşkil ediləcək apelyasiya komissiyasına rəsmi müraciət edərək bu suallarla fərdi qaydada tanış ola bilər.

Sosial şəbəkələrdə müzakirə edilən bəzi məsələlərə aydınlıq gətirməyi vacib hesab edirik:

İmtahan zamanı namizədin sualları cavablandırdığı kompüterdə texniki problem yaşanarsa, namizəd bu barədə imtahan nəzarətçisinə dərhal müraciət etməlidir. Texniki problem təsdiqlənərsə, onun aradan qaldırılmasına sərf olunan vaxt (bir qayda olaraq 3-5 dəqiqə) namizədə müvafiq əlavə vaxt şəklində kompensasiya edilir. İmtahan suallarının məzmununun və cavabların fərdi qaydada dəyişdirilməsi texniki cəhətdən istisna olunur və bu günə kimi imtahanın gedişində heç bir namizəd tərəfindən nəzarətçilərə bu barədə müraciət olmayıb.

Namizədlərin imtahanın keçirildiyi zalda yerləşdirilməsi sıra ardıcıllığına ilə aparılır. Əgər imtahan zamanı qonşu masalarda oturan namizədlər bir-biri ilə söhbət aparmağa cəhd edirlərsə, bu halda nəzarətçilərinin həmin namizədlərin yerini dəyişməyi tələb etmək hüququ var.

Qeyd edək ki, iyulun 8-dən etibarən,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Məlumata əsasən, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.

Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir