Məzuniyyət depressiyası: normal istirahət üçün nə etməli?

Psixoloq: “Məzuniyyətə çıxmaq, hər şeyi arxaya qoyub, yeni bir məkanda özünü yeniləmək deməkdir”

Adətən yay aylarında özəl və dövlət müəssisələrində çalışanlar əmək məzuniyyəti götürürlər. Əmək məzuniyyəti – işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Lakin məzuniyyətlə bağlı fərqli fikirdə olanlar da var. Bəzi şəxslər hesab edirlər ki, məzuniyyət insanda depressiya yaranır və geri döndükdən sonra işə adaptasiya prosesi boyunca insan psixoloji baxımdan sarsıntılar alır. İsrailin sabiq prezidenti Şimon Peresinin məzuniyyətlə bağlı məşhur ifadəsi də var.

Belə ki, Peres bildirib ki, İnsanlar məzuniyyətə gedir – bu çox böyük vaxt itkisidir: “90 yaşım var, ancaq heç vaxt məzuniyyətdə olmamışam. Mənə deyirlər ki, “başın xarabdı? Bəs necə istirahət edirsən?” Mən isə işləməyə üstünlük verirəm. Bundan zövq alıram. Bədbin olmayın – bu da vaxt itkisidir”.

Psixoloq Fərqanə Mehmanqızı “Yeni Müsavat” bildirib ki, məzuniyyətdən depressiyaya düşmə halı, individualdır: “Bu isə nümunə sayılmır. Ancaq ümumi götürəndə insan beyni daha çox davamiyyətli olan haldan depressiyaya düşür. Ruhu yoran hal, insanı depressiyaya salır. İlk növbədə baxmaq lazımdır ki, biz istirahət deyəndə nə başa düşürük. Biz istirahət sözünü özümüz üçün aydınlaşdırmalıyıq ki, hansı halda dincəlirik. Ruhun qidası 5 duyğu orqanından gəlir. Toxunuş, eşitmə, görmə, danışmaq və qoxu. Bu 5 duyğu orqanı gözəlliklə dolu olarsa, ruhumuz da həmişə gözəlliklə dolu olacaq. Nəticədə insan depressiyaya düşməyəcək. Məzuniyyətə çıxıb, evdə divanın üzərində bütün günü yatanda təbii ki, depressiya halı yaranacaq. İnsanlar təkcə divanın üstündə yatmaqla keçinmirlər. Eyni zamanda bu anda sosial şəbəkələrə daxil olub, digər şəxslərin tətilərindən fotolar da görürlər. Sosial şəbəkə də belədir ki, hər kəs orada pozitiv anını paylaşır. Adama elə gəlir ki, sanki hər kəs xoşbəxtdir. Əslində bu məqam baxan şəxsi depressiyaya salır. Çalışmaq lazımdır ki, məzuniyyətə çıxan zaman gündən tamamilə istifadə edib, ruhumuzu doyuraq. Məzuniyyətə çıxırsansa və fikrin problemlərdə, işdə qalırsa, o zaman sən dincələ bilmərsən. Bu, məzuniyyət sayılmır. Məzuniyyətə çıxmaq, hər şeyi arxaya qoyub, yeni bir məkanda özünü yeniləmək deməkdir. Əgər biz ruhumuzu, beynimizi yeniləsək o zaman həmin yenilik müsbət enerji ilə dolu formada işə başlamağımıza şərait yaradar”.

Psixoloq söyləyib ki, uzunmüddətli məzuniyyət insanı psixoloji olaraq yorur: “Çünki insanın xisləti işləməkdir. İnsanın beyni nəyisə yaratmalıdır. Görürük ki, kimsə işgüzar olmadığı zaman ətraf ona mənfi rəy verir. Çünki insan beyni digər beyinlərdən də yaratmağı, yenilənməyi tələb edir. Biz həmişə öz üzərimizdə işləməyin tərəfdarı olmuşuq. Biz dedikdə beyinləri nəzərdə tuturam. Beyinlər yenilənməyi, yeniləməyin tərəfindədir. Bunu 4 dünyəvi dinlərin hamısında da görə bilərik. İnsan öz üzərində işləməlidir. Bunun üçün də mütləq şəkildə istirahət lazımdır. Ona görə də həftə sonları var. Yəni 5 gün işdə olursan, 2 gün evdə. İnsan gərəkdir ki, özünə zaman ayırsın. Söhbət ailə, dostlarla keçirilən vaxtdan getmir. İnsan ən azından gündə 2 saat təkbaşına qalmalıdır. Özün-özünlə üzləşib, özünə istirahət verməlisən. Ona görə də məzuniyyətin məzmununu açıb, ondan sonra fikir bildirmək lazımdır”./musavat.com

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir