InstagramFacebookYouTube

“Böyük dəbilqə”: Cüdoçularımız turniri bir qızıl, iki bürünc medalla başa vurub – YENİLƏNİB + FOTOLAR

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.

Azərbaycan komandası yarışı 1 qızıl, 2 bürünc medalla başa vurub. Belə ki, yığmamıza qızıl medalı cüdoçumuz Zelim Katsoyev (100 kq) qazandırıb. Belə ki, onaltıdabir finalda mübarizəyə başlayan Azərbaycan təmsilçisi Kiril Maret (Fransa), Zlatko Kumriç (Xorvatiya), Kayhan Özçiçək-Takagi (Avstraliya) və Qriqori Minaşkinə (Estoniya) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə yaponiyalı Aron Vulfu da məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər cüdoçumuz Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb. Belə ki, onaltıdabir finalda Çingizxan Saginaliyevi (Qırğızıstan) və səkkizdəbir finalda Dmitri Minkounu (Belarus) mübarizədən kənarlaşdıran idmançımız komanda yoldaşı Orxan Səfərovla görüşüb və qarşılaşmadan qalib ayrılıb. Yarımfinalda yapon cüdoçu Abeyə uduzan Nicat 3-cü yer uğrunda qarşılaşmada Fransanı təmsil edən Kilian Le Bloşla üz-üzə gəlib. Rəqibinə qalib gələn Nicat Şıxəlizadə bürünc medal qazanıb.

Daha bir bürünc medalı komandamıza cüdoçumuz Murad Fətiyev (81 kq) qazandırıb. Yarışa onaltıdabir finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Danial Stepien (Polşa) və Din Gemeri (İsrail) mübarizədən kənarlaşdırıb. O, dörddəbir finalda Vədat Albayrak (Türkiyə) ilə dueldən məğlub ayrılıb. İdmançımızın təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli rəqibi David Karapetyan tatamiyə çıxmadığı üçün Fətiyev qalib elan edilib. Üçüncü yer uğrunda qarşılaşmada italiyalı rəqibi Antonio Espozitoya qalib gələn cüdoçumuz bürünc medal qazanıb.

Beləliklə, ardıcıl iki nüfuzlu yarışda 3-cü yeri tutan Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb.

Doxsan üç ölkənin cüdoçularının mübarizə apardığı nüfuzlu turnirdə Azərbaycan millisi medalların əyarına görə ümumi hesabda 7-ci, kişilərin yarışında 4-cü yeri tutub.

20:00

Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçumuz qızıl medal qazanıb.

Cüdoçumuz Zelim Katsoyev (100 kq) final görüşündə rəqibi yaponiyalı Aaron Volfu məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, komandamızın digər üzvü Uşangi Kokauri (100 kiloqramdan yuxarı) bürünc medal uğrunda mübarizə aparacaq. Bundan əvvəl cüdoçumuz Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb.

Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil edib. Yarışa bu gün yekun vurulacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir